İtalyan avtomobil istehsalçısı Ferrari kriptovalyutalarda ödənişlərin qəbulu sxemini genişləndirməyi planlaşdırır. İyulun sonunadək Avropanın Ferrari dilerlərinin müştəriləri avtomobil alışlarının ödənişini bitcoin ilə həyata keçirə biləcəklər. Ferrari bildirib ki, bu qərar bazar və dilerlərin müraciətlərinə cavab olaraq qəbul edilib, çünki müştərilərinin çoxu kriptovalyutalara sərmayə qoyub. Müştərilərin bəziləri var-dövlətini kriptovalyutalar üzərində qurmuş gənc investorlardır. Şimali Amerika və Avropadakı Ferrari müştəriləri avtomobilləri BTC, ETH və USDC istifadə edərək ala biləcəklər.
Avtomobil istehsalçısının nümayəndələri 2024-cü ilin sonuna kimi rəqəmsal aktivlərin qanuni şəkildə əməliyyatlar üçün istifadə oluna biləcəyi ölkələrdə (El Salvador, Kanada və Avstraliya) kriptovalyutalar ilə ödəniş sxeminin tətbiqini istisna etmədiklərini vurğulayıblar.

