İslam dini yalnız ibadətlər sistemi deyil, həm də cəmiyyətin sosial və iqtisadi balansını qorumağı hədəfləyən bir həyat modelidir. Bu modeldə insanın qazancı, sərvəti və maddi imkanları yalnız fərdi rifah üçün deyil, cəmiyyətin ümumi rifahı üçün də məsuliyyət daşıyır. Zəkat bu sistemin ən mühüm mexanizmlərindən biridir. O, sadəcə sədəqə və ya könüllü yardım deyil, müəyyən qaydalarla yerinə yetirilən iqtisadi və sosial məsuliyyətdir. Zəkat vasitəsilə varlı ilə kasıb arasında sosial məsafə azalır, cəmiyyətdə qarşılıqlı etimad və həmrəylik güclənir.
Zəkatın mahiyyəti
“Zəkat” sözünün ərəb dilində mənası təmizlənmə, artım və bərəkət deməkdir. İslam hüququnda zəkat müəyyən həddən artıq sərvətə sahib olan müsəlmanın malının müəyyən hissəsini ehtiyac sahiblərinə verməsi deməkdir. Zəkatın iki əsas məqsədi var:
- Mənəvi məqsəd – İnsanın qəlbini tamahdan və həddindən artıq sərvət sevgisindən təmizləmək.
- Sosial məqsəd – Cəmiyyətdə yoxsulluğun azaldılması və sosial balansın qorunması.
Başqa sözlə, zəkat fərdi ibadət olmaqla yanaşı, sosial ədalətin təmin edilməsinə xidmət edən iqtisadi mexanizmdir.
Quranda zəkat anlayışı
Zəkat Quranda çoxsaylı ayələrdə qeyd edilir və namazla birlikdə İslamın əsas ibadətlərindən biri kimi təqdim olunur.
1. Zəkatın vacibliyi. Bəqərə surəsi, 43-cü ayə – “Namazı qılın, zəkatı verin və rüku edənlərlə birlikdə rüku edin.” Bu ayə göstərir ki, zəkat ibadəti namaz kimi vacib dini vəzifə hesab olunur.
2. Zəkatın cəmiyyət üçün rolu. Tövbə surəsi, 103-cü ayə – “Onların mallarından zəkat al ki, bununla onları təmizləyəsən və pak edəsən.”. Bu ayə zəkatın yalnız maddi paylaşma deyil, həm də insanı mənəvi baxımdan saflaşdıran bir ibadət olduğunu göstərir.
3. Zəkatın kimlərə verilməsi. Tövbə surəsi, 60-cı ayə – “Sədəqələr (zəkatlar) yalnız yoxsullar, kasıblar, onu toplayanlar, qəlbləri İslama isindirilənlər, kölələrin azad edilməsi, borclular, Allah yolunda olanlar və yolda qalanlar üçündür”. Bu ayədə zəkatın 8 əsas kateqoriya üzrə bölüşdürülməsi qeyd olunur.

Zəkatın iqtisadi fəlsəfəsi
Zəkat İslamda sərvətin cəmiyyətdə balanslı şəkildə dövriyyəsini təmin edən mexanizmlərdən biri kimi qəbul edilir. Bu sistem insanların maddi imkanlarını yalnız şəxsi məqsədlər üçün deyil, həm də cəmiyyətin rifahı üçün istifadə etməsini təşviq edir. Zəkat vasitəsilə sərvətin müəyyən hissəsi ehtiyac sahiblərinə yönəldilir və bununla cəmiyyət daxilində maddi fərqlərin həddindən artıq dərinləşməsinin qarşısı alınır. Bu baxımdan zəkat sərvətin yalnız varlı təbəqə arasında cəmləşməsini məhdudlaşdırır və onun daha geniş sosial təbəqələrə çatmasına imkan yaradır. Eyni zamanda, zəkat sistemi insanları sərvəti passiv şəkildə toplamaqdansa, onu iqtisadi fəaliyyətə yönəltməyə təşviq edir. Beləliklə, zəkat iqtisadi baxımdan həm sərvətin daha ədalətli bölüşdürülməsinə, həm də cəmiyyətdə iqtisadi dövriyyənin artmasına müsbət təsir göstərir.
Zəkatın sosial fəlsəfəsi
Zəkatın sosial fəlsəfəsi cəmiyyət daxilində həmrəylik, mərhəmət və qarşılıqlı məsuliyyət prinsiplərinə əsaslanır. Bu ibadət maddi imkanlı insanlara ehtiyac sahiblərinin vəziyyətini düşünməyi və onlara dəstək olmağı xatırladır. Zəkat vasitəsilə yoxsul və imkansız insanların əsas ehtiyaclarının qarşılanmasına kömək edilir və bu da sosial bərabərsizliyin müəyyən qədər azalmasına səbəb olur. Bununla yanaşı, zəkat cəmiyyət daxilində insanlar arasında etimadı və sosial əlaqələri gücləndirir. Maddi imkanların paylaşılması insanların bir-birinə daha yaxın olmasına və sosial həmrəyliyin formalaşmasına təsir göstərir. Nəticə etibarilə zəkat yalnız fərdi ibadət deyil, həm də cəmiyyət daxilində sosial ədalətin və qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edən mühüm bir dəyər kimi çıxış edir.

Zəkat yalnız müəyyən maddi imkanlara sahib olan müsəlmanlara vacib olur. İslam qaydalarına görə aşağıdakı şərtləri daşıyan şəxslər zəkat verməlidir:
- Müsəlman olmalıdır. Zəkat İslamın ibadətlərindən biri olduğu üçün yalnız müsəlmanlara vacib sayılır.
- Həddi-büluğa çatmış və ağıl sahibi olmalıdır. Yəni dini məsuliyyət daşıyan şəxs olmalıdır.
- Nisab həddindən artıq sərvətə sahib olmalıdır. Nisab təxminən 85 qram qızıl və ya onun dəyərinə bərabər sərvət deməkdir.
- Bu sərvət bir il ərzində onun mülkiyyətində qalmalıdır. Əgər sərvət il ərzində nisab həddindən aşağı düşərsə, zəkat vacib olmaya bilər.
- Əsas ehtiyaclarından artıq sərvətə sahib olmalıdır. Yaşamaq üçün zəruri olan ev, gündəlik istifadə əşyaları və şəxsi ehtiyaclar zəkat hesabına daxil edilmir.
Zəkatın hesablanması qaydası.
Zəkat saxlanılan və ya gəlir gətirən sərvətdən hesablanır, şəxsi istifadə əmlakından isə hesablanmır. Zəkat hesablanan əsas aktivlər:
- Nağd pul və bank hesabındakı vəsait – bu vəsaitlərin ümumi məbləğindən 2.5% zəkat hesablanır.
- Zinət əşyaları (qızıl və gümüş) – əgər ümumi dəyəri təxminən 85 qram qızıl keçirsə, zəkat verilir.
- Satmaq məqsədilə alınan bütün mallar zəkat predmetidir – bu malların bazar dəyərinin 2.5%-i zəkat kimi verilir.
- İnvestisiya aktivləri (səhm, istiqraz, biznes payı, kriptovalyuta) – əgər bu aktivlər ticarət və investisiya məqsədilə saxlanılırsa, onların dəyəri zəkat hesabına daxil edilir.
- Kənd təsərrüfatı məhsulları – əkinçilik məhsullarından zəkat hesablanır, adətən suvarma üsulundan asılı olaraq 5% və ya 10%.
- Heyvandarlıq və mal-qara zəkatı – islam hüququnda mal-qara, qoyun, inək, dəvə və s. üzərində də zəkat verilir. Hesab qaydası heyvan sayına görə dəyişir: müəyyən saydan sonra hər heyvana müəyyən pay verilir. Məsələn, 40 qoyun üçün 1 qoyun.
Zəkatın hesablanması üzrə nümunə:
Tutaq ki, bir şəxsin ilin sonunda aşağıdakı maliyyə vəsaitləri mövcuddur:
- Nağd pul – 2.000 AZN
- Bank hesabında depozit – 10.000 AZN
- Səhm və kriptovalyuta investisiya portfeli – 8.000 AZN
- Qızıl – 170 qram (200 azn = 1 qram)
- Yaşadığı evdən əlavə bir əmlakı var, lakin icarəyə verilmir.
Zəkat hesablanarkən pul vəsaitləri, investisiya aktivləri və qızıl nəzərə alınır. İcarəyə verilməyən və şəxsi istifadə üçün saxlanılan əlavə əmlak isə zəkat hesabına daxil edilmir. Hesablanması: a) 2.000+10.000+8.000+34.000=54.000. b) 54.000×2.5%=1.350 Bu halda həmin şəxs ilin sonunda 1.350 AZN zəkat verməlidir. Qeyd: Alınan borc və ya kredit zəkat hesablamasında çıxılır, çünki sərvət deyil. Verilən borc isə əgər geri alınması mümkündürsə, zəkat hesabına daxil edilir.

Zəkat yalnız dini vəzifə deyil, cəmiyyətin sosial və iqtisadi sağlamlığını qoruyan mühüm mexanizmdir. Bu ibadət insanı sərvətə bağlılıqdan azad edir və paylaşma mədəniyyətini formalaşdırır. Zəkat vasitəsilə maddi imkanlar cəmiyyət daxilində hərəkətdə qalır, ehtiyac sahibləri dəstəklənir və sosial ədalət güclənir. Bu baxımdan zəkat sadəcə yardım deyil, həm də iqtisadi balans yaradan bir sistemdir. Müasir dünyada sosial bərabərsizlik və gəlir fərqləri artdıqca, zəkatın fəlsəfəsi daha da aktuallaşır. Bu prinsip bizə xatırladır ki, sərvət yalnız fərdi uğur deyil, həm də cəmiyyət qarşısında məsuliyyətdir. Beləliklə, zəkat həm mənəvi dəyərləri qoruyan, həm də iqtisadi ədaləti gücləndirən universal bir mexanizm kimi İslamın sosial fəlsəfəsində mühüm yer tutur.
Müəllif: Elnur Quliyev

