MasterCard “Crypto Partner Program” təqdim etdi

Qlobal ödəniş texnologiyaları nəhəngi MasterCard rəqəmsal aktivlərin real iqtisadiyyatda tətbiqini sürətləndirmək məqsədilə yeni “Crypto Partner Program” təşəbbüsünü təqdim edib. Bu proqram kripto şirkətləri, maliyyə institutları və ödəniş provayderlərini bir platformada birləşdirərək blokçeyn əsaslı maliyyə xidmətlərinin inkişafını stimullaşdırmağı hədəfləyir. Yeni təşəbbüs çərçivəsində artıq 87-dən çox şirkət ekosistemə qoşulub. Proqramın iştirakçıları arasında Binance, Bybit, Crypto.com, Ripple, Circle, Gemini, Paxos, PayPal, Crossmint, WebBank, Worldpay, Cosmos Labs, MoonPay, Polygon, Pomelo, Solana, Stellar, Yellow Card, Lead Bank kimi kripto və fintech sektorunun aparıcı oyunçuları da yer alır.

MasterCard bu təşəbbüslə blokçeyn texnologiyalarını mövcud qlobal ödəniş infrastrukturu ilə inteqrasiya etməyə çalışır. Məqsəd rəqəmsal aktivlərin yalnız investisiya aləti kimi deyil, həm də real ödəniş və maliyyə xidmətlərində istifadə olunmasını genişləndirməkdir. Proqram çərçivəsində iştirakçılar:

  • MasterCard-ın qlobal ödəniş şəbəkəsinə inteqrasiya imkanları əldə edəcək
  • fiat və kripto arasında “on-ramp / off-ramp” infrastrukturlarını inkişaf etdirəcək
  • stabilkoin əsaslı ödənişlər, beynəlxalq köçürmələr və B2B ödəniş həlləri üzərində işləyəcək
  • yeni məhsul və xidmətlərin hazırlanmasında MasterCard komandası ilə birgə fəaliyyət göstərəcəklər.

Hesab edirəm ki, bu təşəbbüs kripto sektorunun növbəti mərhələyə keçdiyini göstərir. Əgər əvvəlki illərdə rəqəmsal aktivlər əsasən paralel maliyyə sistemi kimi inkişaf edirdisə, indi əsas fokus onların banklar, ödəniş şəbəkələri və ticarət infrastrukturu ilə inteqrasiyasına yönəlir. MasterCard-ın əsas məqsədi blokçeyn texnologiyasının sürət, şəffaflıq və proqramlaşdırıla bilənlik kimi üstünlüklərini qlobal maliyyə sistemində praktiki şəkildə tətbiq etməkdir. Bu addım xüsusilə stabilkoinlər ilə ödənişləri, beynəlxalq köçürmələr və rəqəmsal ticarət platformalarında kriptovalyutaların istifadəsi baxımından yeni imkanlar yaradacaq.

Müəllif: Elnur Quliyev

Leave a Reply