Bir çox sahibkar hesab edir ki, şirkətin fəaliyyəti dayanıbsa, onu sadəcə bağlamaq kifayətdir. Halbuki şirkətin könüllü qaydada ləğvi ilə müflis (iflas) elan edilməsi tamamilə fərqli hüquqi prosedurlardır və hər birinin özünəməxsus nəticələri mövcuddur. Bu fərqlərin düzgün başa düşülməsi həm sahibkarların, həm də kreditorların hüquq və mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) fəaliyyətinin dayandırılması Azərbaycanda əsasən iki hüquqi mexanizmlə həyata keçirilir: könüllü ləğvetmə və müflislik (iflas) proseduru. Bu iki anlayış eyni məqsədə – şirkətin fəaliyyətinin dayandırılmasına xidmət etsə də, hüquqi əsasları və prosedurları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
1. MMC-nin könüllü ləğvi.
Könüllü ləğv, şirkətin təsisçilərinin və ya iştirakçılarının qərarı ilə həyata keçirilir. Adətən aşağıdakı hallarda tətbiq olunur:
- biznes fəaliyyətinin dayandırılması;
- şirkətin məqsədinə nail olunması;
- iqtisadi fəaliyyətin səmərəsiz olması;
- təsisçilərin biznesi bağlamaq qərarı.
Bu zaman aşağıdakı mərhələlər həyata keçirilir:
- Təsisçilərin ləğvetmə barədə qərarı qəbul edilir;
- Ləğvetmə komissiyası təyin olunur;
- 15 gün ərzində Dövlət Vergi Xidmətinə müraciət edilir;
- Kreditorlara məlumat verilməsi məqsədilə ləğvetmə barədə elan dərc olunur;
- Vergi öhdəlikləri, sosial sığorta, əməkhaqqı və digər borclar ödənilir;
- Ləğvetmə balansı hazırlanır;
- Bütün prosedurlar tamamlandıqdan sonra şirkət dövlət reyestrindən çıxarılır.

MMC-nin ləğvi zamanı vergi orqanı şirkətin vergi öhdəliklərinin tam yerinə yetirilib-yetirilmədiyini yoxlayır. Zərurət yarandıqda səyyar vergi yoxlaması da təyin oluna bilər. Vergi və digər dövlət büdcəsinə olan borclar tam ödənilmədən ləğvetmə prosesi başa çatdırılmır. Könüllü ləğvetmə zamanı ləğvetmə barədə elan dərc edildikdən sonra kreditorların tələblərini bildirməsi üçün verilən müddət qanunvericiliyə əsasən 60 gündən az ola bilməz. Bu müddət bitdikdən sonra ləğvetmə prosesi növbəti mərhələyə keçir.
2. MMC-nin müflis (iflas) elan edilməsi.
MMC-nin müflis elan edilməsi o halda gündəmə gəlir ki, şirkət artıq maliyyə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilmir. Başqa sözlə, şirkətin borcları aktivlərini və pul axınını üstələyir, nəticədə kreditorlar qarşısındakı öhdəliklər icra olunmur.
Azərbaycan qanunvericiliyinə əsasən müflislik proseduru əsasən məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə şirkətin maliyyə vəziyyətini araşdırır və ödəmə qabiliyyətinin bərpa olunmasının mümkün olub-olmadığını qiymətləndirir. MMC-nin ödəmə qabiliyyətinin bərpası mümkün olmadıqda, müflislik proseduru başlanır:
- şirkətin əmlakı siyahıya alınır;
- aktivlər satılır;
- əldə olunan vəsait qanunla müəyyən edilmiş növbəlilik əsasında kreditorlar arasında bölüşdürülür;
- proses başa çatdıqdan sonra hüquqi şəxs dövlət reyestrindən çıxarılır.
Nümunə: ABC MMC tikinti sahəsində fəaliyyət göstərir. Şirkətin 700.000 AZN kreditor borcu və 420.000 AZN aktivləri var. Şirkətin borclarını ödəməsi mümkün olmadığından kreditor və ya şirkətin özü məhkəməyə müraciət edə bilər. Məhkəmə müflislik qərarı verdikdən sonra:
- şirkətin əmlakı satılır;
- əldə olunan 420 min AZN qanunda müəyyən olunmuş növbəlilik əsasında kreditorlara ödənilir;
- ödənişlər tamamlandıqdan sonra MMC dövlət reyestrindən çıxarılır.

Ləğvetmə və müflislik (iflas) proseduru nə qədər davam edə bilər?
MMC-nin könüllü ləğvi və müflislik prosedurunun başa çatma müddəti eyni deyil. Prosedurun davametmə müddəti şirkətin maliyyə vəziyyətindən, kreditorların sayından, vergi öhdəliklərindən və digər hüquqi məsələlərdən asılı olaraq dəyişə bilər. Könüllü ləğvetmə, adətən, daha sadə prosedur olduğundan nisbətən qısa müddətdə tamamlanır. Şirkətin borcları olmadıqda və ya bütün öhdəliklər vaxtında yerinə yetirildikdə proses bir neçə ay ərzində başa çata bilər. Müflislik (iflas) proseduru isə məhkəmə nəzarəti altında həyata keçirildiyi, əmlakın satılması və kreditorların tələblərinin ödənilməsi kimi əlavə mərhələləri əhatə etdiyi üçün adətən daha uzun davam edir. Belə hallarda proses bir ildən artıq da çəkə bilər.
MMC direktorunun məsuliyyəti
Bir çox sahibkar düşünür ki, MMC bağlanırsa, direktorun heç bir məsuliyyəti qalmır. Əslində isə belə deyil. Direktor aşağıdakı hallarda şəxsi məsuliyyət daşıya bilər:
1. Qanunsuz əməliyyatlar. Əgər direktor şirkətin əmlakını qohumlarının və ya özünün digər şirkətlərinə bazar qiymətindən aşağı satıbsa, aktivləri gizlədibsə, sənədləri məhv edibsə, mühasibat uçotunu bilərəkdən düzgün aparmayıbsa – bu halda kreditorların vurduğu zərərə görə məsuliyyət daşıya bilər.
2. Vergi pozuntuları. Əgər vergi borcları bilərəkdən gizlədilibsə və ya saxta əməliyyatlar aparılıbsa, direktor inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti ilə üzləşə bilər.
3. Qəsdən müflisləşdirmə. Ən ağır hallardan biri qəsdən müflisləşdirmədir. Məsələn, şirkətin hesabında kifayət qədər pul olduğu halda həmin vəsait direktorun digər şirkətinə köçürülür, bundan sonra MMC borclarını ödəyə bilmədiyini bildirir. Belə vəziyyət sübut olunarsa, artıq söhbət sadəcə biznes uğursuzluğundan deyil, qanun pozuntusundan gedə bilər.
Məhkəmə tərəfindən müflislik proseduru başlandıqdan sonra direktorun səlahiyyətləri qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıla bilər. Şirkətin əmlakının idarə olunması və kreditorların tələblərinin təmin edilməsi üzrə əsas qərarlar artıq müflislik proseduru çərçivəsində qəbul edilir.
Təsisçi (səhmdar) məsuliyyət daşıyırmı?
MMC-nin əsas üstünlüyü məhz məhdud məsuliyyət prinsipidir. Normal halda təsisçi yalnız şirkətə qoyduğu pay həcmində risk daşıyır. Məsələn:
- təsisçi MMC-yə 10.000 AZN kapital qoyub;
- şirkətin 200.000 AZN borcu yaranıb.
Əgər qanun pozuntusu yoxdursa, kreditorlar təsisçinin şəxsi evinə, avtomobilinə və ya şəxsi bank hesablarına iddia irəli sürə bilməzlər. Bütün prosedurlar qanuni aparılıbsa, direktor və təsisçilər sadəcə şirkəti itirmiş olurlar.
Kreditorlar pullarını hansı ardıcıllıqla alırlar?
Müflislik zamanı şirkətin əmlakı satıldıqdan sonra vəsait adətən aşağıdakı ardıcıllıqla bölüşdürülür:
- Müflislik prosedurunun xərcləri;
- İşçilərin əməkhaqqı və digər əmək hüquqlarından irəli gələn ödənişlər;
- Vergilər və məcburi dövlət ödənişləri;
- Girovla təmin edilmiş kreditorların tələbləri;
- Digər kreditorların tələbləri.

Qanun işçilərin əmək hüquqlarını və dövlətin fiskal maraqlarını prioritet hesab etdiyindən bəzi ödənişlər digər kreditorlardan əvvəl həyata keçirilir. Əgər əldə olunan vəsait bütün borcları ödəməyə kifayət etməzsə, kreditorlar qalan məbləği tam ala bilməyə bilərlər.
MMC-nin müflis olması avtomatik olaraq nə direktorun, nə də təsisçinin şəxsi əmlakının müsadirə olunması demək deyil. Məhdud məsuliyyət prinsipi vicdanlı fəaliyyət göstərən sahibkarları qorumaq məqsədi daşıyır. Lakin direktor və ya təsisçi qanunsuz əməliyyatlar aparıbsa, aktivləri gizlədibsə, şirkəti qəsdən müflisləşdiribsə və ya kreditorların hüquqlarını pozubsa, həmin şəxslər inzibati, mülki və bəzi hallarda cinayət məsuliyyəti daşıya bilərlər.
Nəticə etibarilə, MMC-nin könüllü ləğvi və müflis elan edilməsi eyni hüquqi nəticəyə – şirkətin fəaliyyətinə xitam verilməsinə xidmət etsə də, onların tətbiq əsasları, prosedurları və hüquqi nəticələri fərqlidir. Sahibkarlar fəaliyyətlərinə xitam verməzdən əvvəl bu mexanizmlər arasındakı fərqləri nəzərə almalı, zərurət yarandıqda isə peşəkar hüquqi məsləhət almalıdırlar. Hüquqi prosedurların düzgün həyata keçirilməsi sonradan yarana biləcək risklərin və mübahisələrin qarşısının alınmasına kömək edir.
İstifadə olunmuş əsas hüquqi mənbələr:
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
Müəllif: Elnur Quliyev

