ƏDV-nin geri qaytarılması

     Ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq artıq mümkün olacaq. Bunun üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. Bundan sonra əməliyyatları həyata keçirə bilərsiniz.

     Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15%-i, nağd əməliyyatlar üzrə isə 10%-i həcmində olacaq. Yəni, hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdəki məbləğlər üzrə geri qaytarılacaq pulu asan yolla hesablamaq üçün portalda xüsusi kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə geri alacağınız məbləğı müəyyənləşdirə bilərsiz.

kalkul

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?

    İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış verilməlidir.

     İstehlakçı kassa çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalında çek barədə məlumatları, yəni kassa çeki üzərindəki Fiscal ID-ni elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Fiscal ID – malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərindəki 12 simvoldan ibarət unikal identifikatordur.

      BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaqdır.

Elektron kabinetdə çek üzrə məlumat daxil edildikdən sonra 3 status görsenir:

  • Qaytarılan status – Çekin yaranma tarixindən 30 günü artıq keçibsə, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” status ilə “tarixçə” bölməsində saxlanılır.

  • Gözləyən status – Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır.
  • Ləğv olunan status – Çekin yaranma tarixindən 30 gün keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda “ləğv olunan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.

Qaydalara əsasən ƏDV-nin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir:

  • İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır;
  • İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır;
  • Üçüncüsü, satıcının yeni nəsil kassa aparatlarından istifadə etməlidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.

ƏDV-nin qaytarılması proseduru 

   İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

    Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Misal 1: Fiziki şəxs olan istehlakçı ticarət mağazasından ƏDV ilə birlikdə 590 manat dəyərində nağdsız qaydada, 354 manat dəyərində isə nağd olaraq mal almış və qanunvericiliyin tələblərinə cavab verən kassa çeki əldə etmişdir. Qaytarılmalı olan ƏDV məbləğinin hesablanması: dəyəri nağdsız qaydada ödənilmiş 590 manatlıq malın dəyərinin 90 manatını (590×18/118=90), nağd ödənilmiş 354 manatlıq malın dəyərinin isə 54 manatını (354×18/118=54) ƏDV təşkil edir.

Bu halda, istehlakçıya qaytarılmalı məbləğ 18,9 manat (13,5+5,4) olacaqdır:

90×15%=13,5 manat;
54×10%=5,4 manat.

Misal 2: Fiziki şəxs olan istehlakçı supermarketdən 160.8 manat dəyərində bazarlıq edir və ödənişi nağdsız qaydada ödəyir. Kassa çeki üzərində ƏDV tutulan məbləğ kimi 21.46 manat göstərilib. Bu halda, istehlakçıya geri qaytarılmalı məbləğ 3,21 manat (21,46×15%=3,21) olacaqdır.

image

Qeyd: geri qaytarılan vəsait virtual hesaba 1 ay ərzində oturur.

     Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilib. ƏDV-nin qaytarılması mexanizmi həm sahibkarlar tərəfindən daxilolmaların uçotunda şəffaflığın yüksəldilməsi, həm də istehlakçı hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən aparılan kompleks tədbirlərdən biridir. Bu mexanizimin tətbiqi istehlakçılar tərəfindən nağdsız ödənişlərin həcminin artmasına, uçotdankənar satışların qarşısının alınmasına səbəb olmaqla, eyni zamanda əhali arasında müasir texnologiyanın nailiyyətlərindən istifadə üzrə vərdişlərinin təkmilləşməsinə kömək olacaqdır.

ƏDV-nin qaytarılması üzrə Videotəlimat:

Müəllif:  Elnur Quliyev

QR kod nədir?

FİN kod nədir?

Elektron İmza nədir?

Asan İmza nədir?

9 comments

  1. Mən ƏDV qeydiyatını silmək isdiyirəm xaiş silərdizdə qeydiyatımı başqa nömrə kecmək isdiyirəm nömrə məndə olmadığından kecirə bilmirəm praqramı mənə kömək edə bilərsiz

Leave a Reply