Azərbaycanda ipoteka kreditlərinin əsasən 3 forması var: bankların daxili vəsaiti hesabına, tikinti şirkətlərin birbaşa alıcıya təqdim etdiyi və dövlətin İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri. Bu kreditlərin hər birnin özünəməxsus müsbət və mənfi xüsusiyyətləri var. Bu xüsusiyyətləri maksimum qısa və aydın şəkildə izah etməyə çalışacam.
Kommersiya banklarında ipoteka kreditləri ən aşağı faiz dərəcəli kredit məhsulu hesab edilir. Banklarda daxili vəsait hesabına verilən ipoteka kreditlərinin faiz dərəcələri minimal 10-12%-dən başlayır və adətən maksimum 10 il müddətinə verilir. Banklar adətən ipoteka kreditlərini verərkən əsas faktor kimi ilkin ödəniş məbləğinə daha çox önəm verir. İlkin ödəniş nə qədər çox olarsa bankdan kredit almaq imkanı da bir o qədər çoxdu. Bununla belə kredit verilərkən borcalanın gəliri və kredit tarixçəsi üzrə ödəniş qabiliyyəti analiz edilir.
Özəl tikinti şirkətlərinin təqdim etidiyi ipoteka kreditlərinin faiz dərəcəsi aşağı (bəzi hallarda faizsiz), ilkin ödəniş (10-15%) üçün tələbləri isə minimal olur. Belə kreditlərin verilməsi zamanı sənədləşmə prosedurları da minimaldır. İlkin ödəniş ödənildikdən sonra kredit qısa müddətdə verilir. Lakin bir məsələ var ki, bu kreditlər yalnız həmin şirkətlərin özünün tikdiyi binalardakı mənzillərə verilir. Bu fakt isə bir çox hallarda alıcıya sərf eləmir. Birincisi, alıcının region seçimi olmur və məcburən təklif edilən binadan mənzil almalıdır. İkincisi, bir çox hallarda tikinti şirkətlərinin təqdim etdiyi mənzillərin qiyməti bazardakı mövcud qiymətlərdən nisbətən baha olur.
Azərbaycanda hazırda ən sərfəli ipoteka kreditlərini dövlətin İpoteka və Kredit Zəmanət Fondu təklif edir. Kredit faizi 4-8%, ilkin ödəniş 10-15%, maksimum müddət 30 il. Lakin Fond hesabına verilən kreditlər dövlət tərəfindən müəyyən edilən standart şərtlər əsasında verilir. İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:
- Kredit Azərbaycan manatı ilə verilməlidir;
- Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
- Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
- Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;
- İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
- Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;
- Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
- Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
- İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
- Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
- İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
- Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
- İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;
- Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;
- Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;
- İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;
- İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;
- Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.
İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:
-
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa) hərbi qulluqçular;
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.
İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında ipoteka kalkulyatoru vasitəsilə aylıq gəliriniz, ailə üzvlərinizin sayı, digər öhdəlikləriniz, istədiyiniz müddəti, ilkin ödəniş faizini və doğum tarixinizi qeyd etməklə siz müraciət etdiyiniz ipoteka kreditinin aylıq ödəniş məbləğini müəyyən edə bilərsizniz.
Hazırda İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləşməsi üzrə 25 müvəkkil bank, 19 sığorta şirkəti və 16 qiymətləndirici ilə əməkdaşlıq əməkdaşlıq edir:
İpotea kreditinin alınması üçün tələb olunan sənədlər:
- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
- Borcalanın yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
- Borcalanın iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
- Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
Borcalan fərdi sahibkar olduqda:
- Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
- Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.
İpoteka kreditinin alınması zamanı ipoteka xərcləri:
- İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair Alqı-satqı və ipoteka müqaviləsinin (qarışıq müqavilə) təsdiqi üçün;
- İpoteka predmetinin qiymətləndirilməsi üçün;
- Sığorta xərcləri.
İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:
- Kredit üçün müraciət – İpoteka kreditinin verilməsi üçün elektron müraciət olunur və şəxsə qeydiyyat nömrəsi verilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.
- Kreditin anderraytinqi – Təqdim olunan sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyyətinin, həmçinin ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Nəticədə, bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
- İpoteka kreditinin rəsmiləşdirilməsi – bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır.
- Kreditin verilməsi.
- Kredit üzrə öhdəliklərin icrası – müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.
Nəticə:
İpoteka və Kredit Zəmanət Fondu təklif etdiyi kreditlər hazırda bazarda mövcud olan ən sərfəli olmasına baxmayaraq sənədləşməyə dair tələblər olduqca sərtdir. Üstəlik bütün tələblərə cavab verdiyiniz halda belə siz krediti istədiyiniz vaxtda götürə bilməyəcəksiz. Çünki Fondun kreditləri məhdudur və hər il müvəkkil banklara limit əsasında ayrılır. Bu isə banklarda növbələrin yaranması ilə nəticələnir.
Özəl tikinti şirkətlərinin təqdim etdiyi ipoteka kreditlərinin müsbət tərəfləri: borcalana dair gəlir haqqında arayış və müsbət kredit tarixçəsi tələbi yoxdur. Faiz dərəcələri və kredit müddəti bazarda mövcud rəqabət şərtləri və alternativ maliyyələşmə mexanizmləri ilə müqayisədə münasib hesab etmək olar. İlkin ödəniş etməklə qısa müddətə mənzilə sahib ola bilərsiz. Qiymətləndirmə, sığorta xərclərinə də ehtiyac qalmır. Lakin alıcının mənzil üzrə seçimi yalnız konkret təklif edilən binalardan olur.
Bankların daxili vəsaitləri hesabına təqdim etdiyi ipoteka kreditlərinin faiz dərəcələri yüksək, müddət isə 10 ilə qədərdi. Həmçinin borcalana dair tələbləri (gəlir haqqında arayış və müsbət kredit tarixçəsi) var. Lakin mənzil üzrə seçim hüququ sərbəstdir. Adətən bu kreditlər üçün rəsmi gəlirini təsdiq edə bilən və İpoteka və Kredit Zəmanət Fondunun kreditlərini götürə bilməyənlər müraciət edir.
Ümid edirəm ki, yuxarıda qeyd etdiyim ipoteka kreditləri haqqında olan məlumatlar sizin üçün faydalı olacaq. Seçim sizindir!
Müəllif: Elnur Quliyev
Neftin qiyməti və ölçü vahidi haqqında maraqlı faktlar